Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı ediblər.
Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müvəkkilinin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini istəyib.
Onun sözlərinə görə, tibbi ekspertizanın rəyinə əsasən, R.Səfixanov mərhum T.Rüstəmova yalnız 2 bıçaq zərbəsi vurub, ondan biri isə ölümcül olub.
Zərərçəkmiş şəxsin vəkili Fərhad Məmmədov və mərhum T.Rüstəmovun anası Sevinc Xəlilova isə R.Səfixanovun ömürlük həbs olunmasını məhkəmədən tələb ediblər.
Daha sonra təqsirləndirilən şəxs son söz üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası iyunun 13-dək təxirə salınıb.
Xatırladaq ki, prokuror Rauf Malışov R.Səfixanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub./report