Xətaidə sakinlərin kabusu olan qonşular: Əşyaları pəncərədən atır, evdə tonqal qalayırlar – VİDEO

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi, 66 küçəsində yaşayan sakinlərə uzun illərdir qonşuları rahat yaşamağa imkan vermirlər. Çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yaşayan ana və qızı, deyilənə görə, psixoloji problemlərdən əziyyət çəkir. Onlar mütəmadi olaraq evlərindən əşyaları yerə atır, hətta yaşadıqları evdə ocaq qalayırlar.

Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı ATV telekanalı videomaterial hazırlayıb.

Baş verənlərdən şikayətçi olan bir sakin məsələni belə şərh edib: 

"İki ildən çoxdur bu proses başlayıb. Hər gün, demək olar ki, davam edir, xüsusən də gecə saatlarında. Elə olub ki, evdə tonqal da yandırıblar. Fövqəladə Hallar Nazirliyi vaxtında tədbir görməsəydi, bəlkə binada partlayış da baş verə bilərdi. Polis orqanlarına, Səhiyyə Nazirliyinə məlumat verilib. Hələ bir tədbir görən yoxdur".

Müsahibə zamanı 11-ci mərtəbədə yaşayan qızın pəncərədən yarıya qədər çölə çıxdığı və hər an yerə düşmə təhlükəsinin olduğu bildirilib.

Təhlükənin vaxtında qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə məlumat verilib. Əraziyə Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları gəliblər. Mənzilə baxış keçirilib və iki nəfərin birgəyaşayış qaydalarını pozması faktı təsdiqini tapıb.

Sonra polis əməkdaşları tərəfindən 1956 və 1984-cü il təvəllüdlü iki qadın mənzildən çıxarılıb. DİN-in mətbuat xidmətindən məlumat verilib ki, ana və qızının ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Daha ətraflı videoda: