Xaricdə təhsil şirkətləri tələbələri necə aldadır? - Diplom sevdasına qurban gedən milyonlar

“Təhsil şirkətləri sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbəttə ki, bu hüquq pozuntsu deyil. Lakin valideyinlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də, istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib, tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər”.

Stopnarkotik.az xəbər verir ki, bu sözləri bizim.media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspertin sözlərinə görə qəbul imtahanında uğursuz nəticə əldə edən abituriyentlərə bəzi şirkətlər yalan vədlər verməklə, bir növ onların taleyi ilə oynayırlar:

“Məhz DİM-in keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər. Ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb”.

Diplomlar tanınmır, pullar boşa xərclənir...

Kamran Əsədov qeyd edir ki, bu cür yollarla xaricə gedib diplom xətrinə təhsil alanlarının əksəriyyətində sonradan diplomu tanınmır:

“Acı reallıq odur ki, insanların çoxunu təhsil yox, diplom düşündürür. Buna görə də onlar imtahansız xaricdə “təhsil” fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt bu cür diplomlar tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş olur. 

Günümüzün acı reallığıdır: bəzi insanlarda sanki belə bir rəy formalaşıb – təhsil necə olur-olsun, fərqi yoxdur, yetər ki, diplom olsun. Bu baxımdan onların imtahansız xaricdə “təhsil” adı ilə fırıldaqçıların könüllü qurbanına çevrilmələrinin əsas səbəbi də diplomdur. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çünki ölkə qanunvericiliyi bu yolla “təhsil” alıb ölkəyə qayıdanların diplomunu rəsmən tanımır”.

Ekspert insanların mövzunun aktuallığını və vacibliyini nəzərə alaraq bu cür işbazların tələsinə düşməmək üçün valideyinləri diqqətli olmağa çağırır:

“Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına, diplom sevdasına qurban verirlər”.