Yaşayış binalarında istilik təchizatı ilə bağlı yaranan fasilələr sakinləri narahat edir. Vətəndaşlar “Azəristiliktəchizat” ACS-dən şikayətlənir, istilik almadıqları günlərin ödənişini etmək istəmirlər.
Ümumiyyətlə, bu problem araşdırılırmı? Əgər istilik təminatında yaranan texniki problem vətəndaşdan deyil, qazanxanalardan və birbaşa “Azəristiliktəchizat” ACS-dən asılıdırsa, vətəndaşın istilik təminatı olmayan günlər üzrə ödəməli olduğu xidmət haqqı silinirmi?
Stopnarkotik.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən “Azəristiliktəchizat” ACS-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, fakt üzrə şikayət vacibdir:
“Belə ki, qurumun balansında olan 561 qazanxana və 88 istilik məntəqəsi fasiləsiz işləyir. Əgər mənzilin istilik təminatında bir neçə gün fasilə yaranarsa, bu məsələ ilə bağlı vətəndaş quruma müraciət etməlidir. 184 min mənzildən hansısa birinə istilik verilməsi ilə problem varsa, böyük ehtimalla bu, mənzildaxili problemlərdən dolayıdır.
Bütün hallarda vətəndaşlardan bu istiqamətdə gələn şikayətlər “Azəristiliktəchizat” ACS tərəfindən araşdırılır. Əgər aparılan araşdırma nəticəsində qazanxana, magistral və ya məhəllədaxili xətlərdən, eləcə də “Azəristiliktəchizat” ACS-dən asılı olan səbəblərdən vətəndaşın mənzilinin istilik təchizatında fasilələr olduğuna dair şikayət öz təsdiqini taparsa, bu halda vətəndaşın istilik almadığı günlər üzrə ödəniləcək borcu silinə bilər”.