"Vaqner" nüvə obyektini ələ keçirmək istəyibmiş - DETALLAR

"Vaqner" muzdluları ötən ay baş verən qiyam zamanı nüvə silahının saxlanıldığı hərbi bazaya yaxınlaşıb.

Stopnarkotik.az  xəbər verir ki, bu barədə "Reuters* agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyə müsahibə verən Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirilo Budanov bildirib ki, "Vaqner" döyüşçüləri daha da irəli gediblər. O, qiyamçıların "Voronej-45" nüvə bazasına çatdıqlarını vurğulayıb. 

Budanovun sözlərinə görə, muzdluların niyyəti sovet dövründən qalma kiçik nüvə qurğuları əldə etmək olub.

O vurğulayıb ki, "Vaqner" döyüşçüləri ilə nüvə silahları arasında yeganə maneə nüvə anbarının qapıları olub: “Anbarın qapıları bağlı idi və onlar texniki hissəyə girə bilməyiblər".

Kremlə yaxın hərbi əlaqələri olan mənbə Budanovun açıqlamalarının bəzi hissələrini təsdiqləyib. "Vaqner" kontingenti xüsusi maraq zonasına girə bildi, nəticədə amerikalılar orada nüvə sursatları saxlandığına görə təşvişə düşdülər”, - mənbə bildirib.

Məsələdən xəbəri olan digər mənbə deyib ki, bu hadisə Kremldə narahatlıq yaradıb və Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə iyunun 24-də axşam saatlarında üsyanın tələsik danışıqlar yolu ilə dayandırılmasına təkan verib..

Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.

Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib./modern.az