VALUYEVİ “YERİNDƏ OTURDAN” DEPUTAT… - Yaxud rus səfirin "Rus Evi" və "Russia Today" xəbərdarlığı

Məlum olduğu kimi, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. Sözügedən səfər mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmişdi.

Bu hadisədsən dərhal sonra Azərbaycan XİN tərəfindən operativ şəkildə Azər Badamovun Moskvada hava limanında saxlanılmasına münasibət bildirildi. “Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb.

Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.

Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik", - deyə XİN açıqlama yaydı.

Rusiya bu gün Azərbaycan XİN-ə gözlənilən cavabı dolayısı ilə rəsmi şəxs tərəfindən verdi. Məntiqlə rus səfir Moskvanın nəyi niyə etdiyini və nə istədiyini səsləndirmiş oldu.

Belə ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, “Bakı və Moskva Rus Evi və “Russia Today”-in Azərbaycandakı nümayəndəliyi (Sputnik) ilə bağlı qarşılıqlı məqbul həllər tapacaqlar”, deyə açıqlama verib. Açıqlamanı “Sputnik Azərbaycan”da tapa bilərsiniz.

Bakıdakı “Rus Evi” məsələsinə toxunan səfir onun Azərbaycan tərəfinin xahişi ilə bağlandığını və Rusiyanın Bakıdakı səfirliyinin hazırda mədəni-humanitar layihələrlə qismən məşğul olduğunu bildirib.

“Lakin əsas odur ki, mənə elə gəlir ki, biz Azərbaycan tərəfi ilə həm bu məsələdə, həm də Sputnik mövzusu ilə bağlı müsbət dialoqa başlamışıq”, - deyə o, “LIVETVAZ” Youtube telekanalına müsahibəsində qeyd edib.

**

Yevdokimov ümid edir ki, bu dialoq davam edəcək və qarşılıqlı məqbul həllər tapılacaq. Xüsusən də o səbəbdən ki, “Azərbaycanın bir sıra mədəniyyət mərkəzləri və azərbaycanlı jurnalistlər Rusiyada uğurla fəaliyyət göstərir”.

Elə burada əlüstü cavab olaraq qeyd edək ki, rus səfirin vurğuladığı “Azərbaycanın Rusiyadakı bir sıra mədəniyyət mərkəzləri və oradakı azərbaycanlı jurnalistlər" Rusiyanın əleyhinə casus fəaliyyəti ilə ilə məşğul olmurlar. Amma "Rus Evi"nin casus şəbəkəsinin mərkəzi rolunu oynadığı kimsəyə sirr deyil. Eləcə də Rusiyaya aid KİV-lərə. Ayrıca da bir neçə il öncə Azərbaycan və Türkiyənin mövqeyini müdafiə edən jurnalist Fuad Abbasova sərgilənən münasibətin, onun necə deport edilməsinin də hamımız şahidi olduq. Odur ki, rus səfirin vurğuladığı nüans heç yerinə düşmür. 

Aeroportda saxlanılaraq Bakıya qayıtmalı olan Azər Badamov isə hələ də məsələylə bağlı heç bir açıqlama verməyib. Əgər onunla birgə Həştərxana deputat Elman Nəsirovun da səfər etdiyini və onun Rusiyaya girişinə icazə verildiyini diqqətə alsaq, belə nəticəyə gəlmək olar ki, Azər Badamovun Rusiyaya buraxılmamasının səbəbi onun Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Rusiya Dövlət Dumasının 6–cı, 7 –ci, 8-ci çağırış deputatı, keçmiş idmançı Nikolay Valuyevə media müstəvisində verdiyi cavablar olub.

**

Halbuki, nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru Denis Afanasyevin dəvəti əsasında təşkil olunub və Afanasyev də yəqin ki, deputat Azər Badamovun heyətdə olduğunu bilib. Ümumiyyətlə, SSRİ-nin mirası olan keçmiş-post sovet ökələrinə qarşı təbəə sindromundan və rus şovinizmindən arına bilməyən Rusiyanın Azərbaycana qarşı saymazlıq etməsi və rasizmə əsaslanan düşüncələrlə qərarlar qəbul etməsi tendensiyası həmişə olub və getdikcə daha da güclənir. Bu xüsusda, MDB ölkələrinin vətandaşlarına münasibətdə atılan addımlar, Azətbaycana qarşı törədilmiş kiber hücumlar və sair digər hallar da qeyd oluna bilər.

Görünür, Azər Badamovun səsləndirdiyi açıqlamalar da “dövlət tərəfindən ifadə olunan” cavab kimi qəbul edilib. Halbuki, Azərbaycan xalqına və dövlətinə qarşı təhqiramiz açıqlama ilə çıxış edən Valuyevin açıqlaması rəsmi Bakı tərəfindən heç də o cür qarşılanmamışdı.

İndi isə aydın olur ki, Rusiyanı qeyzləndirən Dövlət Dumasının ədəbsiz nümayəndəsinə verilən cavab olub. Hansı ki, bu da şimal qonşumuzun “dövlət ədəb-ərkanı”, tərzi və stilindədir. Həmişə olduğu kimi, Moskvanın ədəbsiz ruporları çığır-bağır sala bilər, amma onlara cavab verilib susdurulanda bu xoşlarına gəlmir. Məsələn, Qafqaz Müsəlmanları İdarəsinin sədri  Allahşükür Paşazadənin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfəri çərçivəsində mayın 4-də görüşünə nəzər salarkən şimal qonşumuzun məmnunluğu gözdən qaçmır. Amma Rusiyanın bizə qarşı ədəbsiz repertuarına cavab verən səslər şimal qonşumuzun “ovqatını təlx edir”.

Rusiya səfiri Mixail Yevdokimovun, “Bakı və Moskva “Rus Evi” və “Russia Today”-in Azərbaycandakı nümayəndəliyi (Sputnik) ilə bağlı qarşılıqlı məqbul həllər tapacaqlar”, proqnozu Azər Badamovun Rusiyaya buraxılmamasının səbəbidir. Başqa sözlə, Azər Badamov “Rus Evi”nin və “Russia Today”in bağlanmasına cavab olaraq, Rusiyada Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirə buraxılmadı. Əlbəttə, Azər Badamov Valuyevin Azərbaycana qarşı təhqiramiz açıqlamasının cavabını verən şəxs kimi seçildi və onun Rusiyaya buraxılmamaması da, xüsusən rus səfirin bugünki “Rus Evi” və “Russia Today” xahişi fonunda rəsmi Bakıya cavab idi.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az