Rusiyanın Ukraynaya qarşı müharibəsinə danışıqlar yolu ilə tez bir zamanda son qoyulması ehtimalı azdır.
Stopnarkotik.az azpolitika.info-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts yerli mətbuata müsahibəsində deyib.
"Mənim fikrimcə, bu müharibə yalnız bir tərəf hərbi və ya iqtisadi resurslarını tükəndirdikdən sonra başa çatacaq", - Merts vurğulayıb.
Putin haqqında danışan kansler qeyd edib ki, "ağlabatan və humanitar arqumentlər Putini inandıra bilməz və bu, acı həqiqətdir".
Almaniya hökuməti başçısının sözlərinə görə, Avropa səylərinin məqsədi "Rusiyanın müharibəni hərbi yolla davam etdirməsinin və onu iqtisadi cəhətdən maliyyələşdirməsinin qarşısını almaqdır".
Merts həmçinin deyib ki, Rusiya lideri ilə normal münasibətləri bərpa etməyi "praktik olaraq qeyri-mümkün" hesab edir: "Bu rejimə və bu kor, qəzəbli terrora baxanda ümidim azdır."
Onun fikrincə, Rusiya hakimiyyəti hərbi maşının fəaliyyətini qorumağa məcbur olduğu üçün yaxın gələcəkdə müharibədən imtina edə bilməz: "Onlar hərbi maşını olduğu kimi saxlamalıdırlar, çünki cəbhədən qayıdan yüz minlərlə əsgərlə nə edəcəkləri barədə heç bir planları yoxdur ".
Merts həmçinin 19-cu əsrdə Rusiyanı "ən dərin barbarlıq" və "yüksək sivilizasiya"nın birgə yaşadığı bir ölkə kimi tərənnüm edən fransız-amerikan tarixçisi Astolf de Kustinin sözlərinə istinad edib. Kanslerin fikrincə, dünya hazırda Rusiyanı "ən dərin barbarlıq vəziyyətində" görür və bu, yaxın zamanda dəyişməyəcək.