Türkiyəli rejissor narkotik ticarəti ittihamı ilə saxlanıldı - FOTO - VİDEO

Türkiyənin Bursa şəhərində məşhur rejissor Ezel Akay narkotik ittihamı ilə saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, rejissorun evinə təşkil olunan basqın çəkilişlərində evdə kannabis yetişdirmək üçün quraşdırılmış havalandırma sistemi görüntülənib. Əməliyyat nəticəsində 1131 qram qurudulmuş kannabis, 21 kannabis bitkisi, aktiv iqlim nəzarəti sistemi və müxtəlif materiallar müsadirə edilib. Basqın zamanı tapılan dibçəklərdəki kannabis bitkiləri də müayinə üçün müsadirə edilib. "Takip" adlı narkotik iti rejissorun masasının çəkməcələrini və evdəki qarderobları axtarıb.

Narkotiklər müsadirə edilərkən, saxlanılan Ezel Akay və qardaşı narkotik istifadə edib-etmədiklərini müəyyən etmək üçün qan və saç nümunələri üçün İnegöl Dövlət Xəstəxanasına göndərilib.

Xəstəxanada müayinədən sonra Akay qardaşları dindirilmək üçün jandarma bölməsinə aparılıblar. Burada prosedurları tamamlanan məşhur rejissor və qardaşı məhkəməyə göndərilib. Jandarma tərəfindən aparılan basqın zamanı Akayın xüsusi ultrabənövşəyi işıq və iqlim nəzarəti sistemləri quraşdıraraq evinin bir çox otağını, o cümlədən vanna otağını kannabis plantasiyasına çevirdiyi müəyyən edilib.

Stopnarkotik.az