Türkiyədə bələdiyyə seçkisində səsvermə başa çatıb - YENİLƏNİB

Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkisində səsvermə başa çatıb.

Seçki prosesi yerli vaxtla saat 08:00-da (ölkənin şərqindəki 32 vilayətdə saat 07:00-dan etibarən) başlayıb.

Seçki çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb. Səsvermə nəticəsində 81 il (vilayət), 973 rayon və 390 qəsəbənin bələdiyyə sədri, həmçinin 50 min 336 muxtar seçiləcək.

Səsvermə prosesi yerli vaxtla saat 17.00-da, Türkiyənin şərqindəki 32 vilayətdə isə yerli vaxtla saat 16.00-da başa çatıb.

Bundan əlavə, media tərəfindən seçkinin nəticələrinə dair proqnozların açıqlanması yerli vaxtla saat 18.00-a qədər qadağan olunub. Saat 18:00 - 21:00 arasında isə yalnız Ali Seçki Şurası (YSK) tərəfindən paylaşılan xəbərlər mediada dərc edilə bilər.

Saat 21:00-dan sonra bütün yayımlar sərbəst olacaq.

Mənbə: Haber Global

*** 17:18

Türkiyənin 32 vilayətində saat 07.00-da başlayan yerli idarəetmə orqanlarına seçkilər üçün səsvermə başa çatıb.

"Haber Global"  xəbər verir ki, digər vilayətlərdə səsvermə bir saata bitəcək.

Seçicilər siyahısındakı seçicilərin hamısı səs vermiş olsa belə, qutular yerli vaxtla saat 17:00-dan sonra açılacaq.

İlk olaraq bələdiyyə sədrinin bülletenləri hesablanacaq.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

Ümumilikdə 61 milyon 441 min 882 səsvermə hüququna malik Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.

AK Parti, Milliyyətçi Hərəkat (MHP), Böyük Birlik və Yenidən Rifah partiyalarından ibarət Cumhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi ölkənin sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ankara üzrə namizədi isə türk siyasətçi və paytaxtın Keçiören Rayon Bələdiyyəsinin mövcud sədri Turqut Altınokdur.

Türkiyənin ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara üzrə namizədləri isə hazırkı bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Manasur Yavaşdır.