Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edərək 10 nəfəri öldürən İsa Aras Mersinlinin anası həbs olunub.
Bu barədə Kahramanmaraş Respublika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hadisədən əvvəl iki psixoloq İ.A. Mersinlinin uşaq psixiatriya poliklinikasında müalicə almalı olduğuna dair onun anasına məlumat versə də, qadın bunu ciddi qəbul etməyib. Baş Prokurorluq ananın səhlənkarlığının hadisənin törədilməsinə təsir etdiyi qənaətinə gəlib və buna görə onun saxlanılmasına qərar verilib. Məhkəməyə çıxarılan qadın haqqında həbs qətimkan tədbiri seçilib və o, cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
Daha əvvəl cinayətkarın keçmiş polis müfəttişi olan atası da həbs olunmuşdu.
Xatırladaq ki, hadisə aprelin 15-də baş verib. Məktəbə silahla gələn İ. A. Mersinlinin ətrafa atəş açması nəticəsində biri müəllim olmaqla, doqquz nəfər həlak olub, 13 nəfər yaralanıb. Cinayətkar daha sonra özünü öldürüb. Daha sonra bir nəfərin də öldüyü bildirilib.