Tələbə arvadını və körpəsini öldürən şəxslə bağlı qərar verildi

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Fərid Hüseynlinin şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

İttihama görə, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdovsi oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fərid Hüseynli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub./report