Tikilməkdə olan SES-in tunelində partlayış zamanı 9 nəfər öldü

Hindistanda tikilməkdə olan su elektrik stansiyasının (SES) tunelində baş verən partlayış nəticəsində azı 9 nəfər ölüb, ehtimal ki, daha 15-dən çox insan dağıntılar altında qalıb.

Məlumata görə, hadisə ötən gün Samardunq kəndi ərazisində, Tista çayı üzərində su elektrik stansiyası layihəsini həyata keçirən "NHPC" dövlət enerji şirkətinin obyektində baş verib.

"Hadisənin səbəbi, ehtimal ki, qaz partlayışı olub, lakin biz hələlik bunu qəti şəkildə iddia edə bilmərik. 9 meyit tapılıb", - təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinin nümayəndəsi Raciv Roka bildirib.

Hakimiyyət orqanlarının məlumatına görə, hadisə anında tuneldə azı 25 fəhlə və layihə əməkdaşı ola bilərdi. Ölənlərin 9-u artıq dağıntılar altından çıxarılıb, qalanlarının taleyi hələ məlum deyil.