1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan məhbus Bəkirova Məleykə Roman qızının sentyabrın 23-də telefonla danışmaq istəyərkən təcridxananın rejim rəisi Ədalət Qurbanov tərəfindən döyüldüyü bildirilir.
Bu barədə "Abzas Media" internet nəşri təcridxanadakı mənbələrə istinadən yazıb.
"Ədalət Qurbanov 35-ci kamerada saxlanılan Məleykə Bəkirovanı oradan çıxararaq, qanunsuz yaradılmış cəza kamerasına aparıb və üzərinə hücum çəkərək döyüb. Boğazından tutaraq onu boğub və sonra hər iki yanağına şillə vurub. İtələyərək kameradakı çarpayının üzərinə yıxıb. Məleykə Bəkirovanın üzündə və sinəsində Ədalət Qurbanovun əl izləri var", deyə "Abzas Media" nəşri adını açıqlamadığı mənbəsinə istinadən bildirib.
Lakin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumatları təkzib edib.
"Bakı istintaq təcridxanasında saxlanılan Bəkirova Məleykə Roman qızı ilə bağlı iddia edilən hal baş verməyib, saxlanıldığı təcridxanada cərimə otağına keçirilməyib, qeyd edilənlər həqiqəti əks etdirmir. Məleykə Bəkirovaya qarşı məhkum və həbs edilmiş şəxslər, eləcə də işçi heyət tərəfindən qanunsuz hərəkətlərə yol verilməyib, hüquqları təmin edilir və qanuni mənafeləri qorunur", deyə Penitensiar Xidmət Turan-ın sorğusuna verdiyi cavabda bildirib.
Xatırladaq ki, bu il iyulun 31-də "Abazas Media" nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli də 1 saylı Bakı İstintaq Təcridxanasında işgəncə faktları və işgəncəni həyata keçirən şəxslərdən bəhs edildiyi bildirilən "Məhbusları çarmıxa çəkib döyür, dəhlizlərdəki "reşotka"lardan asırlar" adlı məqalə dərc edib.
Bundan da əvvəl, iyun ayında bu nəşrin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Bakı İstintaq Təcridxanasında iki məhbus qadının hədələnməsinin və karserə salınmasının şahidi olduğunu bildirib.