Təcili yardımla xəstəxanaya aparılan şəxs niyə məhkəməlik oldu? - TƏFƏRRÜAT

Təcili yardım maşını ilə xəstəxanaya aparılan şəxs məhkəməlik olub. 

Hadisə Daşkəsən rayonunda baş verib. 

Belə ki, 1985-ci il təvəllüdlü Tural qabırğasında ağrılar olduğuna görə 103 xidmətinə zəng edərək, Daşkəsən rayonundan təcili tibbi yardım maşını ilə Gəncə şəhər Xəstəxanasına aparılmasını xahiş edib. Daşkəsən rayon Mərkəzi Xəstəxanasının təcili yardım maşını sürücüsü Arif Bayraməliyev və tibb bacısı Aynurə Hüseynova onu qeyd edilən ünvandan götürərək, Gəncə şəhər Xəstəxanasına yola düşüblər. 

Yolda Tural ağrılarının çox olmasını əsas gətirərək təcili yardım maşını sürücüsünə avtomobili sürətli sürməyi xahiş edib. Lakin sürücü onun xahişindən imtina edib. Bu səbəbdən Tural avtomobil hərəkətdə olan zaman şüşələrini yumuruqlamağa başlayıb, sürücü və tibb bacısını söyüb. 

Sürücü xəstənin hərəkətlərinə görə yenidən Daşkəsən rayon Mərkəzi Xəstəxanasına qayıtmalı olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib. 

Tural barəsində müayinələrdən sonra İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub. 

Məhkəminin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 70 manat məbləğində inzibati cərimə edilib.