Təcili yardım avtomobili qəzaya uğradı: XƏSARƏT ALANLAR VAR

Astaradan Lənkərana xəstə gətirən Təcili Tibbi Yardım avtomobili yol qəzasına düşüb.

Hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində baş verib.

Belə ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili Astaradan Lənkərana, xəstə Astara rayon sakini, 1956-cı il təvəllüdlü Ağabacı Əsəd qızı Əhmədovanı gətirərkən, qarşısına Lənkəran rayon Şağlaküçə kənd sakini, 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi "Hundai Tucson" markalı minik avtomobili çıxıb. Qəzada avtomobildə olan xəstə və xəstənin yaxınları 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. 

Xəstə Ağabacı Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, "Hundai Tucson" sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.