“Şəxsi həyatımdır, necə istəyərəm, elə də yaşayaram” deyən qadına qardaşı 35 bıçaq zərbəsi vurdu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Kürdəmirdə bacısını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Xəyal Şıxaliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, 2021-ci il sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini, 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adamöldürmə, xüsusi amansızlıqla) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İttihama görə, Xəyal Şıxaliyev bacısı Dilarə Nəsirovanın ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olub yüngül həyat tərzi keçirməsi səbəbindən onu öldürmək qərarına gəlib. Bu məqsədlə o, 15 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Kürdəmir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən evə gedib, qadına əxlaqsız əməllərindən əl çəkməsini deyib. Dilarə Nəsirova isə ona: “Öz şəxsi həyatımdır, necə istəyərəm, elə də yaşayaram, heç kim həyatıma qarışa bilməz”, - sözlərini deyib. Xəyal bacısının bu sözlərindən daha da qəzəblənib və üzərində olan bıçaqla Dilarə Nəsirovanın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən zərbələr vurub. Qadının qışqırıq səslərini onun oğlu eşidərək otağa daxil olub. Xəyal bacısı oğlundan otaqdan çıxmasını tələb edib.

Daha sonra o, azyaşlının gözü qarşısında bacısına bıçaq zərbələri endirməyə davam edib. Xəyal Şıxaliyev bıçaqla Dilarə Nəsirovaya 35 dəfə zərbə vuraraq onu qətlə yetirib.

Məhkəmə istintaqı zamanı Xəyal Şıxaliyev ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərib ki, onun iş üzrə tutulmasından təxminən dörd ay əvvəl Dilarənin başqa kişilərlə cinsi əlaqədə olmasına görə yeznəsi ondan faktiki olaraq ayrılıb. Yeznəsi Dilarə ilə arasında bağlanmış nikahın pozulması barədə iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edib. Bundan sonra bacısı iki azyaşlı uşağı ilə Ağsu rayonuna köçüb, orada mağazada satıcı işləyib və kirayədə yaşayıb. Bu müddət ərzində də qadının orada başqa şəxslərlə cinsi əlaqədə olması barədə məlumatlar eşidib. Xəyal və valideynləri dəfələrlə Dilarədən əxlaqsız hərəkətlərindən çəkinməsini tələb etsələr də, qadın onların sözlərinə məhəl qoymayıb, əxlaqsız hərəkətlərinə davam edib.

Daha sonra bacısı Ağsudan Kürdəmir rayonuna, nənəsinin evinə qayıdaraq uşaqları ilə orada qalıb. Xəyal nənəsigilə gələrək bacısı ilə söhbət edib və ona bu yoldan əl çəkməsini bildirib. Lakin qadın yenə də ona etiraz edərək: “Öz şəxsi həyatımdır, necə istəyərəm, elə də yaşayaram, heç kim həyatıma qarışa bilməz”, - deyib. Dilarənin bu sözündən, yəni əxlaqsız hərəkətlərini davam etdirəcəyini ona sərt və ədəbsiz şəkildə deməsindən daha da qəzəblənib, qadını öldürmək qərarını qətiləşdirib. O, üzərində olan bıçaqla Dilarəni qətlə yetirib.