Şuşada tapılan insan qalıqları Birinci Qarabağ müharibəsidə itkin düşən şəxslərə aiddir - FOTO / YENİLƏNİB

"Ermənilər əsirlikdə ölənləri sürüyərək bu əraziyə gətirib, 5-5, 10-10 kütləvi basdırırdılar".

Bunu Şuşa həbsxanasında, erməni əsirliyində olan Cəmaləddin Süleymanov deyib. O bildirib ki, Ağdam işğal olunan zaman, Qiyaslı kəndindən əsir düşüb.

"Bizi oradan Şuşa həbsxanasına gətirdilər. Bura gələndə qız, gəlin, uşaq, cavan, qoca olmaqla xeyli əsir var idi. Ermənilər bizə olmazın işgəncə verirdilər, döyürdülər. Ölənləri sürüyərək bu əraziyə gətirib, 5-5, 10-10 kütləvi basdırırdılar".

*** 14:38

"Şuşa həbsxanasında təsərrüfat işləri aparılarkən burada insan qalıqları tapılıb. Bu qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə aid olduğunu ehtimal edirik".

Bunu Elmlər Akademiyasının Arxeologiya, Antropologiya və Etnoqrafiya institutunun elmi katibi ve ekspedisiya rəisi Akif Quliyev deyib.

"Hazırda 3-4 insan skeleti fraqmenti görünür. Yaxın zamanda burada tədqiqat aparılacaq. Bundan sonra burada nə qədər insan qalığı olduğunu dəqiq deyə bilərik" - deyə, Akif Quliyev əlavə edib.

*** 14:27

"İndiyədək aşlarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları tapılıb".

Bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kütləvi məzarlıqlar Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.

Şöbə rəisi bildirib ki, məzarlıqlardan tapılan insan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı 200-dən artıq məhkəmə molekulyar genetik ekpertizası təyin olunub.

***13:19

Şuşa ərazisində kütləvi məzarlıq aşkar olunub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov tərəfindən verilən məlumata görə, kütləvi məzarlıq Şuşa həbsxanası yaxınlığında qazıntı aparılarkən tapılıb.

Buradakı insan qalıqlarının həbsxanada saxlanılan azərbaycanlı əsirlərə aid olduğu bildirilir.

Şuşada, həbsxana yaxınlığında kütləvi məzarlığın aşkarlanması, işğal dövründə erməni silahlıları tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərin sübutu kimi izah olunur.

Xatırladaq ki, daha əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilmişdi./apa

Şuşada kütləvi məzarlıq tapılıb - FOTO