Xəbər verdiyimiz kimi, Masallı rayonunun Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov bir həftə əvvəl Rusiyanın Surqut şəhərində bıçaqlanaraq qətlə yetirilib.
Stopnarkotik.az bildirir ki, Diaspora.TV hadisə ilə bağlı əlavə informasiyalar əldə edib.
Məlumata görə, hadisə 6 şəxs tərəfindən törədilib. Onlardan 2-si artıq həbs olunub. Həbs olunanların Astara rayonundan olduğu bildirilir. Azərbaycanlı olduqları iddia edilən digər 4 nəfərin isə axtarışı davam edir.
İddiaya görə, sözügedən 6 nəfər Lotu Quli kimi tanınan mərhum Nadir Səlifovun qardaşı Namiq Səlifovun adamları olub. Belə ki, mərhumun Ağsu rayonundan olan sürücüsü qarşı tərəfə A.Səfərovda külli miqdarda pul olduğunu və hara getdikləri barədə məlumat ötürüb. Cinayətkar dəstə üzvləri də A.Səfərovu getdiyi yerdə gözləyiblər. Tərəflər hadisə yerində qarşılaşdıqları zaman onlar A.Səfərovdan pul tələb ediblər. Lakin A.Səfərov onların bu tələbini rədd edib. Daha sonra mübahisə yaranıb və cinayətkarlar mərhuma 70-ə yaxın bıçaq zərbəsi vurublar.
Qeyd edək ki, A.Səfərov hadisədən 2 gün əvvəl Kərbəla şəhərindən - Ərbəin ziyarətindən qayıdıbmış.