Bakıda qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə təqsirli bilinən Süleyman Şahbazovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Hadisə Xətai rayonu Naximov küçəsində qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayanlar əvvəllər məhkum olunmuş Süleyman Şahbazov qısqanclıq zəminində qeyri-rəsmi nikahda yaşadığı Sevinc Mehdiyevanı döyərək öldürüb. Cinayətdə təqsirli bilinən S. Şahbazov Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə dindirilmiş Süleyman Şahbazov ifadəsində bildirib ki, hadisə baş verən günü evə gələndə, o, sonuncunun tanışı Davud Sultanovun da evdə olduğunu görüb. Tanış olandan sonra birlikdə yemək yeyiblər. Bir müddət sonra onların arasında mübahisə başlayıb. Otaqda Davudla əlbəyaxa olarkən bir-birilərinə yumruqla zərbələr endiriblər.
Şahbazov sərxoş vəziyyətdə olduğu üçün hərəkətlərini xatırlamadığını bildirib. Onun sözlərinə görə, Sevinc Mehdiyeva ondan dava etməməyi xahiş edərkən Davud hadisə yerindən qaçıb. Bundan sonra o, hansı səbəbdən qadına zərbələr vurduğunu heç cür izah edə bilməyib. Sevincin halı pisləşəndən sonra evlərinə təcili tibbi yardım stansiyasının əməkdaşları gəlib. Qadını müayinə edərək onun artıq öldüyünü bildiriblər.
Törətdiyi əməli dərk edən və sərxoşluqdan ayılan Şahbazov küçəyə çıxıb və yaxınlıqdakı dayanacaqda oturaraq siqaret çəkib. Hadisə yerinə gələn polis əməkdaşlarının onu axtardığını görən Süleyman onları səsləyərək heç yerə qaçmadığını deyib və təslim olub.
O bildirib ki, Sevinci vurarkən sonuncu müqavimət göstərməyib. Qışqıraraq heç kimi köməyə çağırmayıb. Şahbazov əməlindən peşman olduğunu qeyd edib.
Məhkəmə prosesində Süleyman Şahbazov ittiham üzrə özünü qismən təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə Süleyman Şahbazov 14 il müddətinə azadlıqdan məhrum olunub./olke.az