Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən sərxoş vəziyyətdə avtobus idarə edən sürücü ifşa olunub.
İdarədən Stopnarkotik.az-a verilən xəbərə görə, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən Gəncə şəhər sakini Mehman Məmmədovun idarə etdiyi avtobus 9-cu taqımın əməkdaşları tərəfindən stasionar posta saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığında onun tibbi müayinədən keçməsi təmin edilib.
Fakt təsdiqini tapdığı üçün sərnişinlərin gedişi təmin edilməklə sürücü barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən Mehman Məmmədov sürücülük hüququ 2 il məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhdid yaradan belə hallara qarşı ən kəsərli tədbirlərin görüləcəyini bildirir və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları çalışdıqları sahədə daha da məsuliyyətli olmağa çağırır.