Şizofreniya və bipolyar pozğunluğu müalicə etmək üçün istifadə edilən “Latuda” dərmanı Rusiya apteklərindən yoxa çıxıb. Bu barədə RTVI məlumat yayıb. Jurnalistlər dərmanın mövcudluğunu ölkənin 80 bölgəsində 20.000-dən çox məntəqəsi olan “Megapteka” aqreqatorları və “Apteka.Mos” vasitəsilə yoxlayıblar.
Sonuncu yoxlamada bəlli olub ki, 4 fevralda “Latuda” 67 bölgədəki apteklərin heç birində tapılmayıb. Dərman həmçinin əsas federal aptek şəbəkələrinin - Rigla, 36.6 və ASNA-nın onlayn mağazalarında da olmayıb. Dərman tək nüsxədə Mari El Respublikasında, Tatarıstanda, Çuvaşiyada və Udmurtiyada, eləcə də Arxangelsk, Kirov, Kemerovo və Samara bölgələrində tapılıb.
“Roszdravnadzor” hər hansı bir çatışmazlığı inkar edir. Agentliyin məlumatına görə, dərmanın 39.000 paketi Rusiya bölgələrində stokda qalıb. Şizofreniya və bipolyar pozğunluqlu xəstələrlə işləyən psixiatrlar qeyd edirlər ki, “Latuda” ilə bağlı problemlər 2025-ci ilin dekabr ayının sonlarında başlayıb.
Psixiatr Anton Yeliseenkonun sözlərinə görə, dərmanın idxalçısı olan “Angelini Pharma Rus MMC” çatışmazlığı Yeni il tətilləri ilə əlaqələndirib, lakin vəziyyət fevral ayında yaxşılaşmayıb. Psixiatr Maksim Reznikov xəbərdarlıq edib ki, nəticədə şizofreniya və bipolyar pozğunluqlu bir çox xəstə müalicəsiz qala bilər, çünki “Latuda”nın Rusiya bazarında birbaşa ekvivalenti yoxdur.
Stopnarkotik.az