Bakıda məktəbdə baş verən dəhşətli hadisə zamanı yanıq xəsarətləri alan şagirdin son vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, xəsarət alan yeniyetmənin müalicəsi hazırda davam etdirilir.
Məlumata görə, yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə yerləşdirilən yeniyetmə Reanimasiya şöbəsində saxlanılır.
Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, ötən gün sözügedən məktəbdə insident baş verib. Səhər saatlarında 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına yanıq xəsarəti yetirib. Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. İnsidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.