Şəhid qardaşının arvadını öldürən şəxsin məhkəməsi başlayır

Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Stopnarkotik.az demokrat.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Hafiz Əliyevin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası avqustun 20-nə təyin edilib. 

Qeyd edək ki, öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşıdır. 

Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır.

İttihama görə, hadisə bu ilin mayın 13-də saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlində qeydə alınıb.

Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.