ŞƏHİD ANALARI ÜÇÜN İFTAR SÜFRƏSİ AÇILDI – Tədbirdə Leyla Əliyevə və Arzu Əliyeva da iştirak ediblər / FOTOLAR

Martın 14-də Heydər Əliyev Fondunun dəstəyi, “Fireland Group”un təşkilatçılığı ilə Bakıda şəhid anaları üçün iftar süfrəsi açılıb.

Stopnarkotik.az xəbər verir ki, Azərbaycanın əksər rayonlarından 500 nəfərdən çox şəhid anasının iştirak etdiyi tədbirə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və bacısı Arzu Əliyeva da qatılıblar.

Leyla Əliyeva və Arzu Əliyeva tədbir zamanı şəhid generalımız, Milli qəhrəman Polad Həşimovun anası Səmayə xanımla, eləcə də mərasimdə iştirak edən digər şəhid anaları ilə görüşərək, onlarla şəkil çəkdiriblər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva özünün “İnstagram” səhifəsində tədbirdən çəkilən fotoları paylaşıb.

Xatırladaq ki, 8 Mart bayramı ərəfəsində də Bakıda Heydər Əliyev Fondunun dəstəyi, “Fireland Group”un təşkilatçılığı ilə 400 nəfər şəhid anasının iştirak etdiyi möhtəşəm şənlik mərasimi baş tutmuşdu. Arzu Əliyevanın da qatıldığı bu tədbirdə şəhid analarına hədiyyələr və gül dəstələri təqdim olunmuşdu.

Onu da xatırladaq ki, vətən uğrunda şəhid olan qəhrəmanlarımızın yad edildiyi, onların ailələrinin iştirak etdiyi “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində “Fireland Group”un silsilə tədbirlər təşkil edir. Şəhid ailələrinin iştirakı ilə keçən bu cür tədbirlər indiyədək bir çox rayonları əhatə edib.

Stopnarkotik.az