“Sədərək“ rəhbərinin oğlu Türkiyədə saxlanılıb? - AÇIQLAMA

Türkiyədə Kibercinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları aralarında sosial media fenomenlərinin və blogerlərin də olduğu 120 nəfəri saxlayıb.

 

Əməliyyat zamanı saxlanılan şəxslər çirkli pulların yuyulmasında şübhəli bilinirlər. Onların yaxın zamanda hakim qarşısına çıxarılacağı bildirilir.

Türkiyə mətbuatında saxlanılanlar arasında Mehman Qədimbəyli adlı azərbaycanlı da var.

Onun "Sədərək" Ticarət Mərkəzinin (TM) rəhbəri Yusif Qədimbəylinin oğlu Mehman Qədimbəyli olduğu iddia edilir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan “Sədərək” ticarət mərkəzinin sözçüsü Kəmaləddin Qədim ilk dəfədir bu barədə eşitdiyini desə də, məlumatları təkzib edib:

“Bizdə belə bir məlumat yoxdur. Çox şeylər yazırlar. Baxırsan ki, soyadını düz yazmırlar və s. Yalan şeydir. Cinayətkarların içərisində Mehman müəllim nə gəzir?! Onlar elə nəsil-kökün nümayəndələri deyillər ki, cinayətkarların içərisində olsunlar.

Mehman bəy başqa işlərlə məşğul olur. Mənim onlarla əlaqəm yoxdur. Mən TM mətbuat xidmətinin rəhbəriyəm. 

Hamı yerində, işində, gücündədir. Belə bir söhbət yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, cinayətkar bir dəstə oğurlanmış kredit kartları ilə jeton alıb və bunları TikTok fenomenlərinə göndərib. Daha sonra isə dəstə üzvləri bu məbləğin böyük hissəsini fenomenlərdən geri alaraq onlara komissiya ödəyib. 

Ümumilikdə cinayətkar dəstənin sosial media fenomenlərinə 1 milyard 200 milyon lirə göndərdiyi qeyd olunur.