Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (RPŞ, DYPB) əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Kənan Qurbanov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K. Qurbanov sürücülük hüququndan 1 il müddətinə məhrum olmaq 500 manat miqdarında cərimə edilib.
Bundan başqa polis əməkdaşları avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını alınması məqsədilə də tədbirlər keçirib. Normadan artıq qaz ixrac edən avtomobilin sürücülərinin bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı bu və digər qayda pozuntusuna yol verən 30-a yaxın nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.