Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyev, onun müavini olmuş Mehdi Mehrəliyev, idarənin inspektoru Zaman Əbdulrəhimov və sahibkar Ramin Məmmədzadənin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Hazırda şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılır.
Qeyd: Təqsirləndirilən şəxslər 2023-cü il sentyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Malik Əliyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi dəyəri 30 min manat olan dərman vasitələrinin Astara gömrük postundan ölkə ərazisinə qanunsuz keçirilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Malik Əliyevin rəhbərlik etdiyi struktur qurumun rəis müavini Mehdi Mehrəliyev və gömrük inspektoru Zaman Əbdulrəhmanovla qabaqcadan əlbir olaraq 10 min 400 manat məbləğində rüşvət müqabilində sahibkar Ramin Məmmədzadənin 60 min manat dəyərində məhsulları qaçaqmalçılıq yolu ilə, yəni düzgün bəyan etməməklə gömrük sərhədindən keçirməsinə köməklik etməsi təsdiqini tapıb.
Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdulrəhmanova Cinayət Məcəlləsinin 32.5, 206.1 (qaçaqmalçılığa köməklik etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda rüşvət alma) maddələri, Ramin Məmmədzadəyə isə 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehdi Mehrəliyev, Zaman Əbdurəhmanov, Ramin Məmmədzadə 25 min manat, Malik Əliyev isə 20 min manat məbləğində cərimə edilib.
Xatırlatma: Faktlar üzə çıxdıqdan sonra vəzifəli şəxslər işdən çıxarılıb və Malik Əliyev həbs edilib. Daha sonra məhkəmənin qərarı ilə o, ev dustaqlığına buraxılmışdı./pravda.az