"Rüşvət almırdım, 100-200 manat hörmət edirdilər..." - Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidova hökm oxunub. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs, 1968-ci il tarixdə İmişli rayonunda anadan olmuş Hüseyn Seyidov 25 ildir sözügedən xəstəxanada həkim ordinator və şöbə müdiri vəzifəsində çalışıb. 

Aparılan araşdırma nəticəsində məlum olub ki, Hüseyn Seyidov həmin vəzifədə işləyərkən xəstəxanda bəzi pasiyentlər hər gün səhər saat 09:00-dan günorta saat 16:00-a qədər müalicə almalı və müayinə olunmalı olduğu halda müəyyən məbləğdə pul alaraq xəstəxanaya gəlmədən tibbi kartasından çıxarış verib, xəstələrin əlillik almaları üçün qeyriləri ilə qabaqcadan əlbir olaraq sənədlərə bilə-bilə yalan məlumatları daxil edib. 

Hüseyn Seyidov bəzi pasiyentlərdən gündüz stasionarında yatmamaqla müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə görə özü və əlbir olduğu qrupun üzvləri üçün birbaşa yolla şəxsən maddi nemət olan 400 manat məbləğində pul vəsaitini xidməti otağında təkrarən rüşvət qismində istəyib.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, o, 1997-ci il tarixdən Respublika Psixiatriya Xəstəxanasında anlaqsız şəxslərə, nevroz xəstələrinə, ruhi xəstələrə, psixi pozuntusu olan şəxslərə baxıb.

Hüseyn Seyidov barəsində şikayət edən xəstələrdən nə qədər pul aldığını xatırlamır, lakin təqribən 100 manatı ona rüşvət kimi yox, hörmət ediblər: "Xəstə Qaragöz Hacıyevanın qohumu həqiqətən mənə 400 manat hörmət edib. Amma mən həmin pulun qarşılığında nəsə edəcəyimə söz verməmişəm. Daha bir xəstə xəstəxanaya gəlib, ona köməklik göstərdiyimə görə mənə 150 manat hörmət edib. Daha bir xəstə göstərdiyim xidmətə görə hörmət əlaməti olaraq 200 manat pul verb. Digərləri də eyni cür olub". 

O, çıxışında deyib ki, heç kimdən pul tələb etməyib, adıçəkilən şəxslər ona hörmət adı altında könüllü surətdə pul veriblər: 

"Mənə verilən pulun 70- 80%-i xəstələrə sərf olunub. Xəstələrin siqaretləri olmurdusa və ya başqa nəsə arzulayırdılarsa, bunlar hamısı onlar təmin edilib".

Məhkəmənin hökmü ilə Hüseyn Seyidov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib./"qaynarinfo"