"Rusiya hadisənin araşdırılmasında Priqojinin qəzaya uğrayan təyyarəsinin istehsal olunduğu Braziliyadan olan mütəxəssislərin iştirakından imtina edir".
“Reuters” xəbər verir ki, Rusiya Yevgeni Priqojinin “Embraer” biznes-jetinin qəzaya uğraması ilə bağlı araşdırmada Braziliyadan olan mütəxəssislərlə əməkdaşlıqdan imtina edib.
Agentliyin məlumatına görə, Moskva Braziliya Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) məlumat verib ki, Braziliyada istehsal olunan "Embraer Legacy 600" təyyarəsinin qəzaya uğramasının hazırda beynəlxalq qaydalara uyğun olaraq araşdırılması planlaşdırılmır.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) qeyd edib ki, Moskvadan Sankt-Peterburqa “Embraer Legacy 600” reysi daxili reysdir, ona görə də Rusiya beynəlxalq qaydalara uyğun araşdırma aparmağa və xarici mütəxəssisləri cəlb etməyə borclu deyil.
CENIPA-nın sözçüsü Marselo Moreno isə "Reuters"ə müsahibəsində bildirib ki, bu, sadəcə tövsiyədir.
ABŞ-ın aviasiya təhlükəsizliyi üzrə məsləhətçisi Con Koks hesab edir ki, Braziliyanın iştirakı olmadan Rusiyada baş vermiş təyyarə qəzası ilə bağlı daxili araşdırma həmişə suallar doğuracaq. Aviasiya qəzalarının təhqiqatı üzrə amerikalı ekspert Ceff Qazzetti də belə düşünür ki, Rusiya ən azı braziliyalı ekspertlərin araşdırmada uzaqdan iştirakına razılıq verməlidir. Braziliyadan ekspertlərin cəlb edilməsindən imtina istintaqın şəffaf keçirilməyəcəyinin təsdiqi kimi qəbul ediləcək.
"Embraer" Braziliya şirkətidir, onun təyyarələri çox etibarlı hesab olunur. CENIPA vurğulayıb ki, qəzanın təyyarə sistemlərinin nasazlığı ilə bağlı olduğu üzə çıxarsa, gələcəkdə oxşar qəzaların qarşısını almaq üçün həm agentlik, həm də təyyarə istehsalçısı araşdırmada iştirak etmək istəyər.
Yevgeni Priqojini daşıyan "Embraer Legacy 600" təyyarəsi avqustun 23-də Moskvadan havaya qalxdıqdan az sonra Tver vilayəti üzərində səmada qəzaya uğrayıb. Bu, "Vaqner"in qurucusunun başçılıq etdiyi üsyan cəhdindən düz 2 ay sonra baş verib. Kreml Rusiya hakimiyyətinin Priqojinin ölümündə əli olması ilə bağlı fərziyyələri “yalan” adlandırıb. Lakin bu, müstəqil ekspertlərin səsləndirdiyi əsas versiyalardan biridir./modern.az