Ukrayna ordusu ölkənin cənubunda yerləşən "Kaxovka" su anbarının Rusiya qüvvələri tərəfindən partladıldığını açıqlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub komandanlığı "Facebook" səhifəsində məlumat yayıb.
"Kaxovka" Rusiya işğalçı qüvvələri tərəfindən partladılıb", - açıqlamada deyilir. Qeyd olunub ki, dağıntının miqyası, suyun sürəti və həcmi, daşqınların ehtimal olunan əraziləri dəqiqləşdirilir.
Rusiyanın TASS agentliyi isə bildirib ki, Moskvanın Nova Kaxovkaya təyin etdiyi qondarma rəhbər Vladimir Leontiev xəbərləri təkzib edib.
"Hər şey sakitdir, ümumiyyətlə, heç nə yoxdur", - o deyib.
Teleqram kanallarında su anbarının dağıldığını göstərən videolar yayılıb. Yerli media yazır ki, dağıntılar aradan qaldırılmasa, Xerson vilayətinin böyük hissəsi su altında qala bilər. Ukrayna hakimiyyət orqanları ətraf ərazilərdə yaşayan əhalinin təxliyəsinə başlayıb.
Qeyd edək ki, Kaxovka su anbarı və su elektrik stansiyası Ukraynanın cənubundakı quraq bölgələrin enerji və su təchizatında önəmli rol oynayırdı./modern.az
Hündürlüyü 30 metr və uzunluğu 3,2 km olan su anbarı 1956-cı ildə Kaxovka su elektrik stansiyasının bir hissəsi kimi Dnepr çayı üzərində tikilib. Kaxovka Zaporojye nüvə stansiyasını da su ilə təmin edən 18 km3 su anbarına malikdir.