Laçında avtomobil qəzasında həlak olan gizir İsmayılov Həsən Ümid oğlu Gəncədə dəfn edilib.
Yol qəzasında həlak olan hərbi qulluqçunun nəşi əvvəlcə Gəncə şəhərində yerləşən evinə aparılıb. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.
Mərasimdən sonra gizir Həsən İsmayılov Gəncənin Şəhidlər Xiyabanında dəfin edilib. Dəfn mərasimində onun ailə üzvləri, hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyəti iştirak edib.
***12:36
Laçında qəzaya düşən hərbi maşında həlak olan əsgər Səxavət Fərasət oğlu Axundovla Xaçmaz rayonunun Sayad kəndində vida mərasimi başa çatıb.
Hərbçimiz Sayad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumu ailə üzvləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***11:48
Laçında qəzaya düşən hərbi maşında həlak olan əsgər Səxavət Fərasət oğlu Axundov Xaçmaz rayonunun Sayad kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Dəfn saat 12:00-da baş tutacaq. Hazırda əsgər S.Axundovla vida mərasimi keçirilir.
Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.