"Qoşunlar qaçır, biabırçılıqdır" - Priqojin Şoyqu və Gerasimovu cəbhəyə çağırdı

Ukrayna ordusu ölkənin şərqindəki Baxmut şəhərinin şimalında yerləşən Berxivka kəndinin bir hissəsini işğaldan azad edib.

Bunu Rusiyanın "Vaqner" muzdlularının sahibi Yevgeni Priqojin bildirib.

"Berxivkanın bir hissəsi artıq itirilib, qoşunlar sakitcə qaçır. Biabırçılıqdır!", - Priqojin deyib. O, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu qoşunları toparlamaq üçün cəbhəyə gəlməyə çağırıb.

Rusiyanın Donetskə təyin etdiyi Denis Puşilin dövlət televiziyasına bildirib ki, şəhərin cinahlarında hər şey “nəzarət altındadır”, lakin vəziyyət "çox çətindir".

Qeyd edək ki, Priqojin bundan əvvəl Berxivka da daxil olmaqla Baxmutun ələ keçirildiyini açıqlayıb. Bir neçə gün sonra şəhər Rusiyanın nizami qoşunlarına təhvil verilib və "Vaqner" bölgəni tərk edib. Kənd Baxmutdan təxminən 3 kilometr şimal-qərbdə yerləşir.