Qonşusunu güllələyib öldürdü - Abşerondakı qətlin təfərrüatı

Abşeron rayonunda qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Qüdrət Kərimovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə sakini Kamran Babayev evinin qarşısında boyun və kürək nahiyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.

Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin ona qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən "Makarov" markalı tapançadan iki dəfə açılmış atəşlə qətlə yetirilməsi müəyyən edilib. 

Xəstəxanaya yerləşdirilən K.Babayev sonradan dünyasını dəyişib.

Polis əməkdaşları tərəfindən saxlanılan Qüdrət Kərimov ifadəsində göstərib ki, Kamran Babayev onun qonşusu olub. Əvvəllər aralarında ədavət olmayıb. Kamranda Qüdrət kimi göyərçin saxlayıb və onun 2 il əvvəl ucub gedən quşu təsadüfən 2-3 ay əvvəl geri qayıdıb. Bunu bilən Kamran onun xalası nəvəsi Ceyhundan həmin quşun ona verilməsini xahiş edib. Sonuncu əvvəlcə Kamrana göyərçini götürməyə icazə versə də, sonra Qüdrətdən icazə almasının lazım olduğunu deyib. Buna görə Kamran ondan inciyib.  

Fevralın 1-i saat 21:00 radələrində yaşadığı evin qarşısında Ceyhunun avtomobilində oturduqları vaxt Kamran sərxoş halda onlara yaxınlaşıb maşının arxa oturacağında əyləşib. Kəskin qaydada nə səbəbdən onun arxasınca danışdığını soruşub. Qüdrət isə bunu kimdən eşitdiyi ilə maraqlanıb. Babayev sözlərinə məhəl qoymadan ondan avtomobildən düşməsini tələb edib. Sonra onu söyməyə başlayıb. Maşından düşən kimi Kamran onu yaxasından tutub və alın nahiyyəsinə zərbələr endirib. Kərimov yıxılarkən yerdəki şüşə qırıntılarından müxtəlif xəsarətlər alıb. Öz evində olan Ceyhun səs-küyə çölə çıxıb və onlar birlikdə Kamranı sakitləşdirməyə çalışıblar. Qaşının üstündən qan gəldiyindən dərhal evə gedib. Qardaşı və anası nə baş verdiyini soruşduqda o, Kamranla dalaşdığını deyib. Evə daxil olduqdan sonra qohumu Ceyhunun çöldə qaldığını və Kamranın onuda vura biləcəyini düşünüb yenidən küçəyə çıxıb. Ailə üzvləri onu sakitləşdirib evə apardıqda Kamran Qüdrətin arxasınca qışqıraraq sabah saat 11-də görüşəcəklərini bildirib.

Qüdrət Kərimov bildirib ki, evə getdikdən sonra heç cür sakitləşə bilməyib. Özü-özlüyündə səhər qonşusu ilə söhbət edəcəyini, əgər Babayev üzr istəməsə, onu öldürəcəyini qətiləşdirib. 
Səhər saat 10:00 radələrində evdən çıxıb Kamranın evinə tərəf getdikdə onu öz avtomobilində sükan arxasında oturduğunu görüb və yaxınlaşıb qabaq sərnişin yerində əyləşib. Nə səbəbdən onu vurduğunu soruşduqda Babayev bir daha onu təhqir edərək mübahisəni başqa yerdə aydınlaşdıracağını deyib. Bu zaman Qüdrət bir qədər geri çəkilib. Gödəkcəsinin sağ cibindən hazır vəziyyətə gətirdiyi tapançanı çıxarıb 2 dəfə Kamranın boyun və sinə nahiyəsinə atəş açıb. Babayev yerə yıxıldıqdan sonra Qüdrət növbəti gülləni onun kürək nahiyəsi istiqamətində atıb. Daha bir atəş açmaq istədikdə silah açılmayıb. Sonra tapançanı cibinə qoyub, hadisə yerindən uzaqlaşıb. Ümumilikdə, Kamrana 5 dəfə atəş açıb. 

Özündə olmadığından kəndin içi ilə qaçaraq tanımadığı bir istifadəsiz evə girib. Etdiyi əməl barədə düşündükdən sonra polisə təslim olmaq qərarına gəlib. 

Məhkəmə prosesində Qüdrət Kərimov ittiham üzrə özünü təqsirli bilərək peşman olduğunu bildirib.

Sonda məhkəmənin hökmü ilə Qüdrət Kərimov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub.

Qüdrət Kərimov hökmdən apellyasiya şikayəti verib. Onun apellyasiya şikayəti qismən təmin edilərək cəzası 14 ildən 13 ilə endirib./olke.az