Qızıl alverçilərinə qarşı 135 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

135 min manat dələduzluqda təqsirləndirilən Yadigar Bilalovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib.

Çıxışlardan sonra hökm elan edilib.

Hökmə əsasən, Yadigar Bilalov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə ittiham olunan şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, cinayət işi üzrə İbrahimov İlqar David oğlu və Məmmədova Xuraman Mədət qızı zərərçəkən kimi tanınıb. Yadigar Bilalov 1-ci şəxsə 95 min, 2-ci şəxsə isə 44750 manatlıq dələduzluqda ittiham olunur.

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunan Yadigar Bilalov Moskva Univermağında qızıl alqı-satqısı ilə məşğul olub. Zərərçəkənlər isə qızıl alverçiləri olub.