Qazi və şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə yazıla biləcək

"Bu günə qədər 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub. Proses demək olar ki, yekunlaşmaq üzrədir. Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin olunacaq".

Stopnarkotik.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, müəyyən hallarda qanunda nəzərdə tutulmayan məsələlər də ortaya çıxırdı: "Bunun da qanunvericiliklə tənzimlənməsi lazım idi. Bir müddət əvvəl bizə müraciət daxil olurdu ki, Qarabağ qazisi növbədə olarkən dünyasını dəyişirdisə, onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılırdı. Ona görə də bununla bağlı boşluğu qanunvericilikdə aradan qaldırdıq. Onların ailə üzvlərinə də mənzil növbəsinə yazılmaq şamil olundu. Eyni prosesi bir neçə hallarda şəhid ailələri arasında da müşahidə etdik. Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olunub və qanunvericiliyə müvafiq düzəlişlər edilib. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirdisə, şəhidin övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək".