Qazaxıstanda narkotacirlər ömürlük həbsə məhkum ediləcək – MƏMURLARI İSƏ DAHA SƏRT CƏZA GÖZLƏYİR...

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev narkoticarətlə bağlı ölkə parlamentin qəbul etdiyi sərt qanunu imzalayıb.

Stopnarkotik.az xəbər verir ki, yeni qanuna əsasən, narkotik vasitələrin istehsalı və satışı ilə məşğul olan şəxslər ömürlük həbsə məhkum ediləcəklər. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Qanun narkotik vasitələrin emalı və istehsalına görə cinayət məsuliyyətini sərtləşdirib. İndi bu cinayətlərə görə təqsirkarlar, o cümlədən də məmurlar 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilər”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti qeyd edib ki, qanunda cinayətkar qrupun təhsil müəssisələrində, yetkinlik yaşına çatmayanlar arasında narkotik vasitələrin yayılması ilə məşğul olan şəxslərə qarşı əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan sərt sanksiyalar da saxlanılıb.

Bundan əlavə, qeyd olunduğu kimi, qanun narkotik vasitələrin yayılmasında əli olan vəzifəli şəxslərin cinayət məsuliyyətini də sərtləşdirib. Əgər əvvəllər bu cinayətlərə görə onları əmlakları müsadirə olunmaqla 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzaı gözləyirdisə, indi onları əmlakı müsadirə olunmaqla 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

**

Onu da vurğulayaq ki, narkokuryerlər üçün cəzalar bir qədər yüngülləşdirilib. Bu cür cinayətin ilk dəfə ağırlaşdırıcı hallar olmadan törədilməsinə görə əmlak da müsadirə edilməklə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub (əvvəllər əmlak müsadirə edilməklə 5 ildən 10 ilədək). Cəzanın yüngülləşdirilməsinin səbəbi əksəriyyətinin yeniyetmələr və gənclər olduğu narkokuryerlərin narkotikləri bilavasitə özləri hazırlamaması və emal etməməsi, habelə çox vaxt narkotiklərin qanunsuz dövriyyəsinin təşkilatçıları tərəfindən öz cinayətkar məqsədləri üçün istifadə olunmasıdır.

Lakin cinayətin təkrar törədilməsi əmlak müsadirə edilməklə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnəcək.

Stopnarkotik.az