Qarabağda TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ: “Antiterror əməliyyatları bu tarixdə başlayacaq və...” – HƏRBİ EKSPERT

“Separatçı rejimin verəcəyi qərarlardan asılı olaraq, sentyabr ayında Azərbaycan öz ərazisində terrora son qoymaq üçün antiterror əməliyyatlarına başlaya bilər”.

Stopnarkotik.az xəbər verir ki, bunu yurd-yuvasından didərgin düşən azərbaycanlıların Qarabağa köçürülməsi fonunda separatçı ermənilərin atəşkəs pozuntularına cəhd etməsinin gələcəkdə nə ilə nəticələnəcəyindən danışan hərbi ekspert Telman Qasımlı yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qarabağa köç edən vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması dövlətimizin prioritet saydığı məsələlərdən biridir:

“İşğaldan azad olunan torpaqlarda yaşamın canlanması üçün əsas olaraq insanlar didərgin düşdüyü el-obalarına qayıtmalıdır. Dövlətimiz bunu tam təhlükəsiz şəkildə təmin edir. Salınan hər yeni şəhərin yaxınlığında müdafiə sistemləri qurulub. Ordumuzun vətəndaşları qoruması üçün vacib olan hər bir addım atılıb.

Gördüyümüz kimi, Azərbaycan addım-addım bütün məqsədlərinə nail olur. Həll olunmayan digər məsələlər də tezliklə öz həllini tapacaq. Qarabağ ərazisi tam olaraq Azərbaycanın nəzarəti altındadır.
Ermənilər kiçik çaplı avtomatlarla atəşkəs pozuntularına cəhd etsə də, Azərbaycan Ordusu onları yerindəcə cavab atəşi ilə susdurur. Qanunsuz hərbi birləşmələrin mövqeləri, postlarının hər biri əlimizin içindədir. Onların harada dislokasiya olduğu, harada güclənməyə çalışmaq istədikləri haqda geniş məlumatlara sahibik. Həmin terrorçu birləşmələrin də zərərsizləşdirilməsinə çox az qalıb.

Separatçı rejimin verəcəyi qərarlardan asılı olaraq, sentyabr ayında Azərbaycan öz ərazisində terrora son qoymaq üçün antiterror əməliyyatlarına başlaya bilər. Sülh prosesinə təsir etməmək üçün antiterror əməliyyatları olmaya da bilər. Lakin eskalasiyanı artırmaq üçün əllərindən gələni etsələr bu, qaçınılmaz olacaq.

Qondarma qurumun təslim olmas üçün vaxt verilib. Təslim olmaq yerinə mübarizə aparmağı seçəcəklərsə, Azərbaycan beynəlxalq normalara zidd olmayan, tam legitim hüququndan istifadə edərək öz ərazisində antiterror əməliyyatlarına başlayacaq. Terrora qarşı isə yalnız Azərbaycan deyil, bütün dünya mübarizə aparır”.