Azərbaycanda narkotiklə əlaqədar törədilmiş cinayətlərin statistikasında qanunsuz əldə edib saxlamanın qanunsuz satışı üstələməsi tendensiyası davam edir. Bu tendensiya cari ilin aprel ayında da sabit olaraq qalıb.
Stopnarkotik.az bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının açıqladığı statistik göstəricilərə istinadən bildirir.
Belə ki, 2026-cı ilin yanvar ayında hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə aşkarlanan cinayət faktının sayı 793 olub. Onlardan 162-si narkotik vasitələrin qanunsuz satışı, 630-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur. Bu ilin fevral ayı üzrə narkotiklərlə bağlı törədilən cinayət faktlarının ümumilikdə sayı 972 olmuşdur. Bundan 197-si narkotik vasitələrin qanunsuz satış, 774-ü narkotik vasitələrin qanunsuz əldə edib saxlanması, 1-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.
Mart ayı üzrə narkotik vasitələrlə bağlı törədilən cinayət faktlarının ümui sayı 678 olub. Buradan 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 190-ı narkotik vasitələrin qanunsuz satışı, 485-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması ilə bağlı olub. 2026-cı il aprel ayı üçün statistikaya görə, narkotiklərlə bağlı törədilən cinayət faktlarının ümumi sayı 618 olub. Buradan 11-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 153-ü narkotik vasitələrin qanunsuz satışı, 454-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması ilə bağlı olub.

Rəqəmlərdən göründüyü kimi, ümumən narkotiklərlə bağlı törədilmiş cinayətlərn sayında azalma müşahidə olunsa da, qanunsız əldə edilib saxlanmanın sayı qanunsuz satışın sayını üstələyir. Bu da onu deməyə əsas verir ki, narkotik alverçiləri satış ittihamı ilə tutulmaqdansa, qanunsuz saxlama ittihamı ilə tutulmağı xilas yolu kimi seçirlər. Buradan belə bir nəticə çıxır ki, heç kimin vəziyyətdən sui-istifadə edə bilməməsi üçün meyarlara bir daha baxılması və dəqiqləşdirilmə aparılması, o cümlədən elə cəzalarda da dəqiqləşdirilmə yaxud fərdiləşdirmə aparılması ümumi işin xeyrinə olar.
Stopnarkotik.az