“Vaqner” başçısı Yevgeni Priqojinlə Müdafiə Nazirliyi rəhbərliyi arasında qarşıdurma davam edir. Nazir Sergey Şoyqunun iyulun 1-dək bütün könüllü birləşmələrin Müdafiə Nazirliyilə müqavilə bağlaması və nazirliyin tabeliyində fəaliyyət göstərməsilə bağlı əmrindən sonra bu qarşıdurma yeni mərhələyə qədəm qoyub.
Stopnarkotik.az xəbər verir ki, “Vaqner”-in mətbuat xidməti Priqojinin yeni açıqlamasını yayıb. Bu dəfə Priqojin Müdafiə Nazirliyi rəhbərliyini “Vaqner”-ə qarşı xəyanətdə günahlandıraraq, nazir Şoyquya Suriyanın Xişam qəsəbəsində baş verənləri xatırladıb. Priqojin deyib ki, hərbi komandanlığın xəyanəti nəticəsində “Vaqner” Xişamda uğursuzluğa düçar olub. “Vaqner” başçısı hesab edir ki, hazırda Ukraynada da eyni ssenari davam etdirilir.
Priqojin deyib ki, Sergey Şoyqu “Vaqner”-in uğurlarına paxıllıq edir: “Silahlı qüvvələr(rəhbərliyi) gözəl poqonlar və ordenlər taxanda “Vaqner” bütün dünya ölkələrində qələbələr qazanırdı. Qısqanclıq da bundan irəli gəlir. İkinci məsələ nazir Sergey Şoyunun şəxsiyyətindədir – o adam ki, nəyisə ondan daha yaxşı edənləri qəbul etmir. Ona görə də hamı onun dabanını yalamalıdır. Ancaq “Vaqner” heç vaxt bunu etməyib…”
Priqojin iddia edib ki, Şoyqu vaxtilə “Vaqner”i Suriyada məhv etmək istəyirdi, indi isə bunu Ukraynada həyata keçirmək istəyir.
“Putinin aşbazı” Şoyqunun məlum əmrinə də toxunub. O, deyib ki, nəinki həmin əmrə tabe olmaq və Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq fikrində deyil, həm də nazirliklə müqavilə bağlamaq istəməyən bütün digər “könüllüləri” “Vaqner”-ə dəvət edir. Hətta bildirib ki, artıq ona müraciət edənlər var və belələri “Vaqner”in sıralarına qatılmaqdadırlar. Priqojin həmçinin, Şoyqunu hədələyərək deyib ki, “Vaqner”-i ələ keçirmək cəhdləri ona həyatı hesabına başa gələ bilər./azpolitika