Gürcüstanın şərqində polis marixuana əkilən bir neçə istixana aşkar edib.
Stopnarktoik.az xəbər verir ki, faktla bağlı bu istixanalarda narkotik tərkibli bitki yetişdirən 3 nəfər saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılanların 30, 36 və 47 yaşları var. Onlardan ikisi əvvəllər məhkum olunublar və hazırda onları 12 ilədək həbs cəzası gözləyir.
Martın sonunda isə gürcü polisi Kaxetidə istixanalarda marixuana əkən üç nəfəri saxlamışdı.
Gürcüstanda narkotiklə bağlı cinayətlər ən çox yayılmış cinayətlər sırasındadır. Təkcə 2024-cü ildə narkotiklərlə bağlı 5,6 min cinayət qeydə alınıb. 2023-cü illə müqayisədə bu rəqəm 15,1% azalıb, lakin mütəşəkkil dəstələr tərəfindən törədilən narkotik cinayətləri 5 dəfə artıb. “Gürcü Arzusu”nun təqdim etdiyi təşəbbüsə əsasən, ölkədə narkotiklərin qanunsuz dövriyyəsi reketçilik, mütəşəkkil cinayətkarlıq və “oğru dünyası” ilə bağlı cinayətlərlə yanaşı, “xüsusilə ağır cinayətlər” sırasına daxil ediləcək. Narkotik vasitələrin və psixotrop maddələrin satışına görə cəza onların saxlanması və alınmasından bir neçə dəfə yüksək olacaq. Eyni zamanda, mütəşəkkil qruplar tərəfindən törədilən narkotik cinayətlərinə görə qanun ən yüksək cəza tədbirini – ömürlük həbsi nəzərdə tutacaq.
Hər hansı bir narkotik cinayətinə görə həbs olunanların hüquqları da məhdudlaşdırılacaq və digər şeylərlə yanaşı, məktəblərdə, universitetlərdə işləmək və seçkilərdə iştirak etmək qadağan ediləcək.
Bundan əlavə, saxlanılan zaman və ya əsaslı şübhə olduğu zaman narkotik testindən yayınmağa görə cərimələr tətbiq edilir.
Stopnarkotik.az