PKK-ya qarşı əməliyyat: 75 nəfər saxlanıldı

Türkiyənin 11 vilayətində təşkil edilən “Qəhrəmanlar əməliyyatı" çərçivəsində separatçı terror təşkilatı PKK-da şübhəli bilinən 75 nəfər saxlanılıb.

Stopnarkoptik.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya öz rəsmi X (twitter) hesabında paylaşım edib.

"İzmir, Əskişəhər, Batman, Hakkari, Mardin, Diyarbakır, Ağrı, Bitlis, Kilis, Şırnak və Kocaelidə separatçı terror təşkilatı üzvlərinə qarşı əməliyyat keçirilib. Separatçı terror təşkilatına qarşı 11 vilayətdə həyata keçirilən "Qəhrəmanlar əməliyyatı" çərçivəsində 75 şübhəli ələ keçirilib. Əməliyyatları həyata keçirən qəhrəmanlarımızı təbrik edirəm. Ən son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”,- deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Türkiyənin təhlükəsizlik qüvvələri bütün ölkə ərazisində "Kahramanlar" kod adı ilə miqyaslı antiterror əməliyyatına başlayıb. Əməliyyatlar PKK qruplaşmasının Ankarada Daxili İşlər Nazirliyinin binası qarşısında törətdiyi partlayışdan sonra start götürüb.