Həbsdə olan jurnalist Azər İsrafilovun müalicə ilə bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə etdiyi müraciətə mənfi cavab verilib.
Stopnarkotik.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Hepatit C xəstəliyindən əziyyət çəkən jurnalistin müraciətinə verilən rəsmi cavabda bildirilir ki, məhkumlar yalnız tibbi göstəriş olduğu halda ambulator və ya stasionar müalicəyə cəlb edilirlər.
“Nəzərinizə çatdırılır ki, Pentensiar müəssisələrdə saxlandığınız müddətdə ümumilikdə 6 dəfə olmaqla Müalicə Müəssisəsində tibbi tədbirlərə cəlb edilmisiniz. Sonuncu dəfə 13.05.2023-cü il tarixində MM-nə köçürülərək klinik, laborator, instrumental müayinələrdən keçirilmiş, həkim mütəxəssislər, o cümlədən həkim infeksionist tərəfindən müayinə olunmusunuz. Nəticədə səhhətinizdə syosionar müalicəyə tibbi göstəriş müəyyən edilmiş, lakin siz etotrop müalicə tələb edərək infeksionistin müalicəsindən imtina etdiyinizə görə saxlandığınız müəssisəyə göndərilmisiniz”.
Qeyd edək ki, Azər İsrafilov müalicəsindən imtina edildiyi üçün həbsxanada özünəqəsdə cəhd edərək damarlarını kəsmişdi. Hadisə may ayının 27-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş vermişdi.
Azər İsrafilovun anası Zenfira İsrafilovanın verdiyi xəbərə görə, Azər may ayının 13-də vəziyyəti pisləşdiyi üçün 7 saylı cəzaçəkmə müəssisəsindən Müalicə Müəssisəsinə köçürülüb:
"Oğlum Azər İsrafilov artıq 2 il 8 aydır həbsdədir. 2021-ci ilin iyul ayından onda digər xəstəliklər də aşkar edilsə də, əsasən, "Hepatit C" xəstəliyindən əziyyət çəkirdi. Sonuncu dəfə may ayının 22-də Müalicə Müəssisəsinə yanına görüşə getdim. Telefonda demişdi ki, Hepatit xəstəliyi ilə bağlı burada müalicə aparmırlar. Həkimlər deyirlər ki, dərmanlarını öz hesabına almalısan.
Mən də görüşə getdiyim zaman özümlə dostlarının ona göndərdiyi 200 manat pulu apardım. Görüş zamanı dedi ki, vəziyyətim ağırlaşır, viruslar qanda çoxalıb, müalicə olunmasam, qaraciyər sirrozuna çevriləcək.
Sonuncu dəfə may ayının 26-da zəng etdi, cəzaçəkmə müəssisəsinə köçürüləcəyindən xəbəri yox idi. 3-4 gün zəng etmədi. May ayının 30-da zəng edib 2-3 dəqiqəlik danışdı və yenə özünə xəsarət yetirməsi ilə bağlı nəsə demədi. Görüşə getdiyim zaman həmkarlarına yazdığı müraciəti mənə verdi və Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədov və baş həkim Zahir Əliyevin onunla oyun oynadığını bildirdi. Xahiş edirəm, oğlumun müalicəyə ehtiyacı olduğunu yuxarı təşkilatlara çatdırasınız".
A.İsrafilova verilən cavabları və eyni zamanda jurnalistin baş verənlərlə bağlı qələmə aldıqlarını aşağıdakı fotolarda təqdim edirik: