PAŞİNYAN RUSİYANI GÜC TƏTBİQİNƏ TƏHRİK EDİR – İrəvanın Qərb seçimi nə ilə nəticələnə bilər?

Cənubi Qafqaz ölkələri arasında Azərbaycan və Gürcüstan öz təhlükəsizliklərini təmin etməyə nail olub. Azərbaycan Qarabağ münaqişəsini həll edib, ərazi bütövlüyünü və suverenliyini təmin edib. Hazırda Qarabağdakı Rusiya hərbçiləri heç bir statusa malik deyil, ən uzağı iki il ərzində ölkəni tərk edəcəklər. Bu, ölkə Konstitusiyasının tələbidir.

Türkiyə ilə strateji müttəfiqliyin genişlənməsi, ordu, təhlükəsizlik, müdafiə sistemlərinin inteqrasiyası və yenidən formalaşdırılması Azərbayanın milli təhlükəsizliyinin etibarlı qarantıdır. 2020-ci ilə qədərki status-kvo tamamilə aradan qalxıb və Cənubi Qafqazda möhkəm milli, siyasi, tarixi, mədəni dayaqlara malik Türkiyə-Azərbaycan tandemi oturuşub. Bu birlik ölkəni regionun digər iki ambisiyalı dövləti olan Rusiya və İranın mümkün təhdidlərindən qoruyur. Habelə, zaman-zaman Qərbin neqativ təsirləri də NATO üzvü Türkiyənin böyük diplomatik, siyasi gücü ilə neytrallaşdırılır.

Gürcüstana gəldikdə, qonşu ölkə Qərbə - NATO və Avropa İttifaqına inteqrasiyanı milli hədəf elan edib və 2008-ci il avqust müharibəsinin nəticəsi olaraq ərazilərinin bir qismini itirsə də, dövlət kimi mövcudluğuna təminat ala bilib. Qeyd edək ki, bu yaxınlarda rəsmi Tbilisi Avropa Birliyinə namizəd statusu alıb, regionda fövqəladə dəyişikliklər baş verməsə, yaxın illərdə Birliyin tamhüquqlu üzvünə çevrilə bilər. Daha sonra Gürcüstan Türkiyə və Azərbaycan üçün də vacib ölkədir və regionun bu üçlüyü ortaq maraqlara malikdir. Bu da ölkənin təhlükəsizliyini, iqtisadi rifahını təmin edən əsas amillərdən biridir.

Cənubi Qafqazın ən kiçik, məhdud resursa və coğrafi imkanlara malik ölkəsi Ermənistanın vəziyyəti isə kifayət qədər mürəkkəbdir. Əgər 2020-ci il müharibəsinə qədər Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqi kimi nəzəri baxımdan öz təhlükəsizliyini təmin etmiş kimi görünsə də, Moksva-İrəvan münasibətlərində yaranan ziddiyətlər bu sistemi dağıtdı. Ekspertlər Azərbaycanın qalib gəldiyi 44 günlük müharibənin baş verməsinin səbəbini müttəfiqlər arasında yaranmış böhranın məntiqi nəticəsi hesab edirlər. Böhranın səbəbi 2018-ci ildə Ermənistanda Rusiyanın müttəfiqlərinin hakimiyyətdən getməsi, qərbpərəst qüvvələrin iqtidara gələməsi ilə nəticələnmiş inqilabdır. Azərbayan bu fürsəti dəyərləndirdi və hərbi yolla qısa müddətdə ərazilərini işğaldan azad etdi. Rusiya isə bu məğlubiyyəti fürsətə çevirib İrəvandan qərbpərəst Paşinyan hakimiyyətini qovmağa çalışsa da, nəticə əldə edə bilmədi.

Beləliklə, Moskva ilə İrəvan arasında böhran 5 ildir davam edir və artıq siyasi müttəfiqlik kağız üzərində qalıb. Paşinyan iqtidarı ABŞ, Avropa ilə münasibətlərində yeni səhifə açıb və dövlət təhlükəsizliyini Rusiyaya etibar etməyin çox böyük səhv olduğunu deyir. Amma 30 ilin forpost münasibətlərini bir qərarla yox etmək mümkün deyil, Ermənistan möhkəm iplərlə Rusiyanın regiondakı hərbi-siyasi təşkilatlarına, eləcə də hərbi sənaye kompleksinə, maliyyə sisteminə, iqtisadiyyatına bağlanıb:

- Silahlı Qüvvələrin malik olduğu bütün hərbi texnika, silah sistemləri, ordunun döyüş təlimi, hərbi təhsil və s. Rusiya hərbiyyəsinə bağlıdır;

- Ölkənin hava məkanı Rusiya tərəfindən qorunur, Türkiyə və İranla quru sərhədlərinə “müttəfiqin” sərhədçiləri nəzarət edir, Ermənistanda Rusiya hərbi bazası var;

- Ermənistanın istifadə etdiyi təbii qaz və elektrik enerjisi, habelə ölkənin dağ-mədən sənayesi, dəmiryolları, Metsamor AES Rusiya şirkətlərinin nəzarətindədir;

 

- Ölkənin xarici ticarətindən gələn hər 3 dollardan ikisi Rusiya və Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqına üzv ölkələrlə ticarətdən, bu qurumların yaratdığı üstünlüklərdən əldə olunur. Xaricə satılan malların əsas alıcısı Rusiyadır, Rusiya-Ukrayna müharibəsi Avropa mallarının bu ölkəyə reeksportuna böyük gəlirlər gətirən imkanlar açıb. Ermənistana xaricdən göndərilən pulların 70 faizdən çoxu Rusiyada qazanılır...

Paşinyan hakimiyyəti Qərb strukturlarına inteqrasiya etmək, onun təhlükəsizlik zəmanətini əldə etmək üçün Rusiyadan əldə olunan faydalardan imtina etməlidir. Və bu imtinanın yaratdığı fəsadlara dözməlidir. Üstəlik, 30 ilin müttəfiqi ilə sabit ticari-iqtisadi əlaqələr qurmuş erməni iş adamlarını buna inandırmalı və onlara daha yaxşı imkanlar təqdim etməlidir.

Bu realdırmı? Ermənistan cəmiyyəti Rusiya ilə gerçək qarşıdurmaya hazırdırmı? Yaxud, regionun ən böyük, ən yaxın ölkəsindən asanlıqla qopub, məhdud coğrafi, iqtisadi resurslarla Qərbə bağlanmaq ona hansı iqtisadi, siyasi, təhlükəsizlik, rifah gətirə bilər?

Proseslərin gedişi göstərir ki, Paşinyan hökumətinə Qərbdən böyük vədlər var. Onların bir hissəsi ABŞ, Avropa ittifaqı rəsmiləri tərəfindən elan olunub. Ona görə İrəvan anti-Rusiya fəaliyyətini genişləndirir, Roma Statutunu tez-tələsik ratifikasiya edir, KTMT və MDB-ni, onun alt qurumlarını boykot edir, Rusiya ilə siyasi əlaqələri asqıya alır.

Paşinyan öz hökumətinin qarşısına məhdud resurslara malik, zəif Ermənistanı dünyada bir-biri ilə müharibə aparan iki geopolitik gücün birindən qoparıb, digərinə daşımaq kimi vəzifə qoyub. Bəlkə də dünyanın münaqişəsiz dövrlərində belə mürəkkəb işi hansısa zaman kəsiyində tədricən həll etmək olardı. Amma indi istər Rusiyanı, istərsə də Qərbi tərk etmək asan deyil, buna sadəcə izacə vermirlər, ən xırda cəhdləri yerindəcə boğurlar. Məsələn, Ukrayna müharibəsi məhz Kiyevdə hakimiyyətə gələn qərbpərəst qüvvələrin geosiyasi seçiminin nəticəsidir. Rusiya bunu qəbul etmədi və yüz milyardlarla dollar, on minlərlə insanı itirməyi gözə alıb, müharibəyə başladı.

Gözləmək olar ki, Rusiya bu və ya fərqli formada Ermənistanı da cəzalandıracaq və bu zaman iqtisadi, siyasi anlamda nəyi itirəcəyinin fərqinə varmayacaq. Paşinyan komandası artıq Kremlin səbrini zorlayıb və yumşaq güclə təzyiqin nəticə verməməsi zorbalığın meydana çıxmasını şərtləndirəcək./azpolitika.info