Pakistanda küçələr döyüş meydanına çevrildi: ölü və yaralılar var

Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xanın saxlanmasından sonra Xan tərəfdarları ilə polis arasında toqquşmalar baş verib.

Sabiq baş nazirin tərəfdarları küçələrə çıxaraq, həbs qərarına etiraz ediblər.

Paytaxt İslamabad, Ravalpindi, Lahor, Kəraçi, Qucranvala, Faisalabad, Multan, Pişəvər və Mərdanda küçələrə çıxan tərəfdarlar küçələri döyüş meydanına çevirib.

Bir çox avtomobili yandıran etirazçılara polis dəyənək, su şırnaqları və gözyaşardıcı qazla müdaxilə edib.

Aksiyalar zamanı azı 20 nəfər saxlanılsa da, onların dəqiq sayı açıqlanmayıb.

Bəlucistan əyalətinin Daxili İşlər naziri bildirib ki, Kvetta şəhərində baş verən qarşıdurmalarda 1 etirazçı həyatını itirib, 6-sı polis olmaqla, ümumilikdə 12 nəfər yaralanıb. Pakistan mətbuatında çıxan xəbərlərdə Pakistan Daxili İşlər Nazirliyinin əmri ilə ölkə daxilində internetin (mobil məlumat xidmətləri) məhdudlaşdırıldığı bildirilib.

Etiraz nümayişləri davam edir.

Xatırladaq ki, mayın 9-da İmran Xan İslamabadın Ali Məhkəməsinin binasında Əl Qadir şirkətinin vəsaitlərinin mənimsənilməsi işi üzrə İslam Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən saxlanılıb./baku.ws