PA-nın keçmiş əməkdaşının kürəkəni zərərçəkmişlərə 2,7 milyonu geri qaytaracaq - MƏHKƏMƏ QƏRARI

Bakı Apellyasiya Məhkəməsində 3 nəfərə qarşı xüsusi ilə külli miqdarda dələduzluqda təqsirləndirilən Azər Əsgərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmişlərdən ikisinin (mülki iddiaçılar) apellyasiya şikayəti qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü dəyişdirilib. İş üzrə mülki iddiaçılar olan 2 şəxsin mülki iddiaları təmin edilib. Belə ki, iş üzrə mülki cavabdeh Azər Əsgərovdan 2 270 746 manat məbləğində maddi ziyan, həmçinin 1926 manat məbləğində dövlət rüsumu alınaraq zərərçəkmiş şəxslərə verilməsi barədə qərar çıxarılıb. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Azər Əsgərov Azər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli mqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Azər Əsgərovun iş qurmaq adı ilə 3 nəfərə qarşı dələduzluq etdiyi bildirilir. Zərərçəkənlərdən iki nəfəri Türkiyə vətəndaşıdır. Ümumi dəymiş ziyan isə 2 270 746 manatdır.

Xatırlatma: Mətbuatda yayılan məlumata görə, Azər Əsgərov Prezident Administrasiyasının məsul işçisi olan Arif Novruzovun kürəkəni olub. Bir neçə rayonun kuratoru kimi çalışan Arif Novruzovun işdən çıxarılmasına səbəb də elə kürəkəninin onun adından dələduzluq etməsi olub. O, həmin vaxt 4 nəfərə qarşı 500 min manatdan çox dələduzluqda ittiham edilirdi. Azər Əsgərov ötən ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin vaxt Azər Əsgərov türkiyəli həmtəsisçiləri ilə birgə ölkədə yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına, sərmayə qismində pul yatıracağı halda fabrikin fəaliyyəti ilə əlaqədar əldə olunan gəlirdən ona da mənfəət verəcəyinə dair yalan vəd verib, daha bir tanışından 224 min manat alaraq geri qaytarmayıb. Başqa bir tanışına isə Azər Əsgərov yalan vədlər verərək ona topdansatış qiymətinə “İPhone” markalı mobil telefon alıb səyyar qaydada satışını həyata keçirməklə ona gəlir verəcəyini bildirərək 58 min manatını ələ keçirib.

Bundan başqa, Azər Əsgərov digər şəxsdən Türkiyədə tekstil fabriki qurulması adı ilə 119 000 manat təşkil edən 70 000 ABŞ dolları məbləğində pulu hissə-hissə alaraq ələ keçirib.

Qeyd: Azər Əsgərovun qayınatası Arif Novruzov onu həbsdən azad eləməyə cəhd göstərərkən özü dələduzluğun qurbanı olub və adı cinayətdə hallandığı üçün vəzifəsini itirib. Belə ki, Arif Novruzov həbsdə olan kürəkəninin azadlığa buraxılması üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edən şəxslərə 100 min manat verib. Lakin pulu alan şəxslərin yalanı sonradan üzə çıxıb və onlar tutularaq məsuliyyətə cəlb edilib.

Arif Novruzov bu hadisələrdən sonra xəstəlik səbəbindən vəfat edib./pravda.az