Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elşən Məhyəddin oğlu Kərimovun məhkəməsi keçirilib.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili müvəkkilinin qandallarının açılmasını istəyib.
Hakim vəkilin tələbini təmin edib. Daha sonra, söz dövlət ittihamçısı Orxan Kəngərliyə verilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib. O bildirib ki, ittiham aktında Elşən Kərimovun bir qrup şəxslə əlbir olub hakimiyyətin ələ keçirilməsi ilə bağlı paylaşımlar edib. Belə ki, Elşən Kərimov “Whatsapp”da yaratdığı qrupda bununla bağlı çağırışlar edib.
Məhkəmənin davamında hakim Elşən Kərimovdan özünü elan edilmiş ittiham üzrə təqsirli bilib-bilmədiyini soruşub.
Elşən Kərimov verilmiş ittihamla özünü qismən təqsirli bilib. Onun sərbəst ifadə verməsi üçün proses təxirə salınıb.
Məhkəmənin növbəti prosesi oktyabrın 15-ə təyin edilib.
Qeyd edək ki, Elşən Kərimov bu il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.