Özəlləşdirmə adı ilə 31 min manatlıq dələduzluq - MƏHKƏMƏ İŞİ

Bakı şəhərində iki nəfərin dövlət qurumuna məxsus torpaq sahəsinin özəlləşdiriləcəyi vədi ilə vətəndaşı aldadaraq ondan pul alması ilə bağlı cinayət işi üzrə məhkəmə hökmü elan edilib.

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmə istintaqı zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər Aydın Salamov (şərti) və Rəşad Quliyev (şərti) qabaqcadan əlbir olaraq zərərçəkmiş şəxsi aldadıb. Onlar guya yüksək vəzifəli şəxslərlə əlaqələrindən istifadə edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsinin zərərçəkmiş şəxsin adına özəlləşdiriləcəyini vəd ediblər. Bu yalan vədlərlə etibar qazanaraq zərərçəkmişdən ümumilikdə 31 000 manat pul alınıb.

Pul vəsaitlərinin 2024-cü ilin aprel və may aylarında Bakı şəhərinin Nəsimi rayonunda müxtəlif ünvanlarda hissə-hissə alındığı, sonradan isə təqsirləndirilən şəxslər arasında bölüşdürüldüyü müəyyən edilib.

Məhkəmə prosesində Aydın Salamov ittiham üzrə özünü qismən təqsirli bilib, Rəşad Quliyev isə özünü təqsirli bilməyib.

Məhkəmənin hökmü ilə Aydın Salamov Cinayət Məcəlləsinin 178.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) və 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq)  maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Rəşad Quliyev isə həmin maddələrlə təqsirli bilinərək 5 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.