"Onunla birlikdə narkotikdən istifadə etmişik..." - Bakıda körpəsini öldürən qadının məhkəməsi

Bakıda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda Ziya Əlizadə şahid qismində dindirilib.

O bildirib ki, təqsirləndirilən şəxslə aralarında sevgi münasibətləri olub:

"Nərgizlə Hövsanda tanış olmuşam. 2021-ci ildə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edildim. Həbsdə olanda qardaşlarım dedi ki, məni bir qız axtarır, hamilə olduğunu söyləyir. Həbsdən çıxandan sonra Nərgizlə görüşdüm. Ona söylədim ki, “əgər həqiqətən uşaq mənimdirsə, birlikdə yaşayaq, ya da özüm saxlayım”. O, isə buna etiraz etdi. Nərgiz mənimlə bir neçə dəfə narkotikdən istifadə edib. Ancaq mən həbsdə olandan sonra onun narkotikadan istifadə edib-etməməyi ilə bağlı bir söz deyə bilmərəm".

Şahidin ifadəsinə münasibət bildirən N.Bağıyeva isə onunla narkotikdən istifadə etməsini təsdiqləyib. Onun sözlərinə görə, narkotik vasitələrdən 2019-2020-ci illərdə istifadə edib: “Bunu mənə Ziya öyrətməyib”.

Digər şahid təqsirləndirilən şəxsin bacısı Mehparə Bağıyeva isə ifadə vermək istəməyib. Daha sonra onun istintaqa verdiyi sərbəst elan olunub.

"Ağlıma gəlməzdi ki, bacım uşağını öldürər. Mən rəfiqəm və tanışımla kinoteatra getmişdim. Nərgiz bizim evdə olmamağımızdan istifadə edərək uşağın yeməyinə kimyəvi maddə qatıb. Uşağın ölmədiyini görüb, sonra boğub öldürüb".

Məhkəmədə elan edilib ki, şahid Xəlil Qənbərov prosesə gəlməyir. Daha sonra məhkəməyə onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmənin növbəti iclası iyulun 10-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.