Ölkədə narkoloq çatışmazlığını necə aradan qaldırmaq olar? - TƏKLİF

"Narkoloji tibb müəssisələrində müalicə üçün növbə gözləyənlərin sayı kifayət qədərdir".

Stopnarkotik.az xəbər verir ki, bu barədə məlumat İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) məruzəsində öz əksini tapıb: “Burada ixtisaslı kadrların narkoloq və kliniki psixoloqların çatışmazlığı mövcuddur ki, həmin peşə üzrə mütəxəssislərin də sayının artırılması vacibdir”.

Əslində, rəsmi səviyyədə bu məlumat dəfələrlə gündəmə gətirilib. O da bəllidir ki, dövlət tibb müəssisələrində müalicə detoksikasiyanı həyata keçirir. Narkomanların müalicəsində özəl tibb müəssisələrinin müsbət nəticələri daha çoxdur, nəinki narkoloji dispanserlərin. Bəs vəziyyətdən çıxış yolu nədir? Bir halda ki, dövlət büdcəsindən maliyyələşən narkoloji tibb müəssisələri yalnız detoksikasiya prosesi ilə yekunlaşır, şəxslərin tam reabilitasiyasını həyata keçirmək imkanları məhduddur, o zaman problemin həllinə necə rəsmi yanaşma sərgilənməlidir? 
Zənnimizcə, bu prosesə dəstək üçün ilkin mərhələdə bəzi effektiv addımlar atmaq olar. Məsələn, özəl reabilitasiya mərkəzində fəaliyyət göstərən, asılılığın müalicəsi üzrə mütəxəssis səviyyəsinə çatmış şəxslərin təcrübəsindən yararlana bilərik. Dispanserlərdəki narkotik istifadəçilərinin detoksikasiya və müalicə müddətini müəyyən qədər uzatmaq olar. Bu müddət ərzində də yaxşı sağalma nəticələri olan özəl reabilitasiya mərkəzlərindəki mütəxəssisləri müvəqqəti dispanserlərdəki prosesə cəlb etmək olar. Yəni detoksiasiya prosesini reabilitasiya prosesinə çevirmək olar. Təbii ki, rəsmi ödəniş qarşılığında.

**
Burada daha bir məqamı da vurğulamaq yerinə düşər ki, Ombudsmanın məruzəsində qeyd olunan klinik psixoloqların prosesə cəlb olunmasına qədər ümumi sağalma prosesində bu işdə püxtələşmiş ayıq şəxslərin dəstəyi də vacibdir. Çünki onlar asılılıq sindromundan xilas olma prosesini şəxsən keçdiklərindən, problemin mahiyyətinə hətta klinik psixoloqdan daha yaxşı bələd olurlar. Yəni onları görməməzlikdən gəlmək yox, əksinə sağalma prosesində bu şəxslərin dəstəyindən yararlanmaq çox fayda verər.
Mövzuya qayıdaraq qeyd edək ki, dispanserlərə müraciət etmş şəxsləri özəl reabilitasiya mərkəzləri ilə razılaşma əsasında, seçimlə müəyyən edilmiş mərkəzlərə müalicəyə yönləndirmək mümkündür. Əlbəttə ki, müalicənin qarşılığı güzəştli qiymətlərlə dövlət tərəfindən ödənilməklə və yaxud həmin reabilitasiya mərkəzinə vergi güzəştləri, eləcə də müəyyən faizlə azadolmalar tətbiq etmək müqabilində. Vergidən güzəştlər, yaxud azadolmalar isə bu reabilitasiyaların qarşısını açar, onların daha canla-başla işləməsinə  şərait yaradar, stimul verər. 

**

Bir sözlə, yaranmış vəziyyətdən çıxış yolu var. Ümidsizliyə qapılmaq lazım deyil. Necə deyərlər, hər bir sağalmış narkoman uğura məhkumdur. Digər bir narkotik istifadəçisinin sağalmasına, fikrimizcə, keçmiş asılılar hamıdan çox can yandırar. 
Bu proses üçün təbii ki, şəffaf monitorinq də mütləqdir. Ona görə ki, burada da hansısa "piştaxtaaltı təmənna" prosesə sıza bilməsin...

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az