Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi İranda həbs edilmiş Fərid Səfərli barəsində məhkəmənin hökm çıxardığı və ona 2 il yarım iş verildiyi haqda məlumat yayıb.
Nazirlik qeyd edir ki, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb.
Bəs bundan sonra proses necə olacaq?
Modern.az məsələ ilə bağlı Fərid Səfərlinin anası Dilarə Əsgərova ilə əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında bildirib ki, sonuncu qərar apellyasiya məhkəməsi tərəfindən verilib.
"Artıq apellyasiya məhkəməsi də olub. Məhkəmə tərəfindən 2 il həbs müddəti qüvvədə saxlanılıb. Vəkili özüm tutmuşdum. Əfvə düşə bilərdi. Lakin olmadı", - tələbənin anası qeyd edib.
Dilarə Əsgərova söyləyib ki, XİN-dən ona Fəridin Azərbaycana gətirilməsi üçün iş aparıldığı deyilib.
O, bundan əvvəl oğlunun vəziyyətinin yaxşı olmadığını bildirib: "Son vaxtlar Fəridin psixoloji vəziyyəti gərgindir. Mən özüm həkiməm və hiss edirəm ki, oğlum depressiyadadır. Həbsxana həkimləri Fəridi müayinə ediblər və ona müalicə yazıblar. Lakin Fərid dərman qəbul etməkdən imtina edib..."
Qeyd edək ki, Almaniyada təhsil alan Fərid Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə oxuduğu qızın dəvəti ilə Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb. İttiham “casusluq etmək niyyəti” ilə əvəz edilib.